Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Coğrafi mövqeyi

Dəniz səviyyəsindən 400-450 m yüksəklikdə yerləşən Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyini Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir.
Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən olmuşdur .

Gəncənin yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, zəngin filiz yatağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir. Gəncənin də daxil olduğu Albaniya ərazisinin münbitliyi haqqında eramızın I əsrində yaşamış görkəmli coğrafiyaşünas Strabon yazırdı: «Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir.

Oradan axan Kür və onun qolları torpağın münbitliyini artırır. Üzüm tənəkləri heç vaxt toxa ilə üzülmür və hər beş ildən bir kəsilir. Yeni tənəklər artıq ikinci ildən bar gətirirlər, boy atmışları isə o qədər bar verirlər ki, onun çox hissəsi tənəyin üzərində qalır. Eyni ilə, onlarda həm ev, həm də vəhşi heyvanlar gözəl artıma malikdirlər.
Bu ölkə bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla çoxlu böyük və xırda balıqlar gətirir. O gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldur, zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır. Yırtıcı heyvanlar: aslanlar, qaplanlar, barslar, və çoxlu quşlar; qartallar, şahinlər və onlara oxşarlar da vardır.»
VII əsr tarixçisi Musa Kalankaytuklu Albaniyanı belə təsvir edir: “Albaniyadan artıq qədim zamanlardan Azərbaycanı Gürcüstan və Ön Asiya ilə birləşdirən yol keçirdi. Bu zəngin ərazidə təşəkkül tapan möhtəşəm şəhərlərdən biri də Gəncə idi”.

Görkəmli mütəfəkkir Əbdür - Rəzzaq İsfahani Gəncənin malik olduğu təbii şəraiti yüksək dəyərləndirərək demişdir: “Bütün dünya üzündə Gəncə ki¬mi bir şəhər gör¬mə¬mi-şəm. Be¬hişt rəng¬li, müşk qo¬xuludur Gəncə. Su¬¬yu gülabdır, tor¬pa¬ğı zə¬¬fərandır onun. Sə¬rin, səfalı ha¬vası vardır. Ora¬da torpaq hər anda sanki vəcdə gəlir, oyan¬maq istəyir”.
Şübhəsiz yuxarıda göstərilən faktlar geniş ərazini əhatə edən Gəncəbasar ərazisində şəhərsalma mədəniyyətinin 3000 ildən artıq bir dövrü əhatə etdiyinin bariz nümunəsidir.
Gəncə şəhərinin 3000 illik tarixə malik olmasını şərtləndirən mühüm amillərdən biri də onun yerləşdiyi coğrafi mövqeyidir. Bu gün də Gəncənin tarixi-coğrafi və mövqeyi deyildikdə Gəncəbasar ərazisi nəzərdə tutulur. Sözü gedən ərazi tarixin müxtəlif mərhələlərində , mərkəzi Gəncə şəhəri olmaqla Gəncə-Qarabağ bəylərbəyliyi, Yelizavetpol quberniyası, Gəncəbasar adlandırılmışdır. Tariximizin hazır kı, mərhələsində də Gəncə şəhərinin tarixi ərazisi Gəncə-Qazax iqtisadi rayonu və ya Qərb bölgəsi adlandırılmaqdadır. Adı çəkilən ərazi Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməkdədir.

TARİXİ OÇERK

Qədim Zərdüştü mənbələrindən birində Gəncənin əsasının üç min il bundan əvvəl qoyulması haqqında çox tutarlı məlumat verilmişdir. Belə ki, Gəncənin üç min il bundan əvvəl Qafqazın aborogen əhalisindən olan qədim türk tayfalarından biri, Saklar tərəfindən salınması haqqında ilk və tutarlı məlumat VI əsrə aid edilən «Şəhrestanihai Eran» (İran şəhərləri) adlı coğrafi traktatda öz əksini tapmışdır. Pəhləvi dilində yazılmış bu coğrafi traktatda Gəncə şəhərinin 3000 il bundan əvvəl görkəmli türk sərkərdəsi Əfrasiyab tərəfindən salındığı göstərilmişdir.

Əfrasiab tarixi şəxsiyyətdir və Azərbaycanda yaşayan sakların – turların (Qədim mənbələrdə türkləri tur adlandırmışlar S.P.) başçısı olmuşdur.
Gəncəbasar Azərbaycanın arxeoloji baxımdan ən zəngin ərazilərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində burada tarixi dövrlərin müxtəlif mərhələlərinə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir ki, onların da böyük əksəriyyəti dünyanın tanınmış muzeylərində sərgilənməkdədir.

Gəncə ətrafındakı Gillikdağ emalatxanasından və düşərgəsindən əldə edilən çaxmaqdaşı alətləri, görkəmli Azərbaycan arxeoloqu İshaq Cəfərzadənin aşkar etdiyi daş çömçə və isgənənin varlığı bu ərazidə yaşamış insanların eramızdan əvvəl VII – VI minilliklərə aid neolit mədəniyyətinin yaradıcılarından biri olduğunu söyləməyə əsas verir.
Arxeoloji tədqiqatlar sübut edir ki, bu dövrdə bölgənin əsas əhalisi oturaq həyat tərzi keçirmiş və mədəni səviyyəni səciyyələndirən əkinçiliklə məşğul olmuşlar. E.ə. V minillikdə Gəncə bölgəsində bizə məlum olan ev heyvanlarının hamısının əhliləşdirildiyi arxeoloji qazıntılar zamanı aşkarlanmış osteoloji qalıqlarla təsdiqlənir.

«Rus şəhərləri» məqaləsinin anonim müəllifi Cənubi Qafqazın, o cümlədən də Azərbaycanın bir çox şəhərlərinin zamanını göstərməklə cədvəlini də vermişdir ki, burada Gəncənin e.ə II – b.e IV əsrlərində salındığı bildirilmişdir.
Eyni sözləri Gəncənin Bərdə və Beyləqandan qədim olmasını göstərən Qademeysterin məlumatları və “Bərdədən yaxın məsafədə başqa bir şəhər də çiçəklənirdi, hansı ki, dağıntılar zamanı onu əvəzləyirdi, bu məhz Gəncə şəhəri idi. Onların mənşəyi yəqin ki, eyni idi...” adlı fikri də təsdiq edir.

Milliyyətcə alman olan Yelenendorf (Göygöl) orta məktəbində biologiya müəllimi işləyən Yakov Hümmel məktəb dərnəyi şagirdlərinin gücü ilə «Gəncəçayın sağ və sol sahillərində, Göygöl yaxınlığındakı Gillikdağ ərazisində, Zurnabadda, Balçılı kəndində arxeoloji tədqiqat işləri apararaq tunc və erkən dəmir dövrünə aid dəyərli materiallar əldə etmişdir». Tapılmış materialların dəyəri o qədər böyük olmuşdur ki, onların hesabına 1927-ci ildə Yelenendorf Ölkəşünaslıq Muzeyi yaradılmışdır.

Xalqımızın milli sərvəti sayılan Gəncənin 3000 illik tarixə malik olduğunu nümayiş etdirən tarixi abidələrin böyük hissəsi bu gün dünya muzeylərinin ekspozisiyalarında özünəməxsus yer tutur. Metropol (ABŞ) Münhen, Berlin, Hamburq, Luvr, Paris, Moskva, Sankt-Peterburq və digər şəhərlərində dövlət və şəxsi muzeylərdə qədim Gəncə tarixinə dair nadir və qiymətli eksponatlar qorunub saxlanılır.
Yarandığı gündən ən azı 4 dəfə yerini dəyişən Gəncə strateji cəhətdən də əlverişli mövqedə yerləşdiyindən daim yadellilərin diqqət mərkəzində olmuşdur. Dəfələrlə dəhşətli zəlzələlərin qurbanı olan Gəncə, habelə monqolların, xarəzmlərin, gür¬cü¬lərin, ərəblərin, rusların və digər qəsbkarların hücumlarına da məruz qalmışdır. Neçə-neçə dünya dövlətlərinin hərb meydanına çevrilən Gəncə ona dəyən ziyan¬lar-dan sarsılmamış, genetik gücündən qüvvə alaraq dirçəlmiş və inkişaf edərək möhtəşəm şəhərlər səviyyəsinə yüksələ bilmişdir.

Gəncənin qəhrəman şəhər olmasını tanınmış ərəb tarixçisi və coğrafiyaşünası İbn əl-Əsir belə dəyərləndirmişdir: “Tatarlar (monqollar) Beyləqanı və ətrafını qarət edib dağıtdıqdan sonra Gəncə tərəfə hərəkət etdilər. Ancaq tatarlar ora əhalisinin çoxluğunu, şücaətini, gürcülərlə olan müharibədə kişilik və qoçaqlıq göstərmiş olduqlarını və bu şəhərin olduqca möhkəmliyini bildikləri üçün oraya gedə bilmədilər”.
Gəncə şəhəri tarixin müxtəlif mərhələlərində paytaxt statusunu qoruyaraq, Azərbaycanın qədim dövlətçilik ənənələrinin qorunması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir. Gəncə VII əsrin sonlarında ərəb xilafətinin baş əyalət şə¬həri, X əsrdə Arranın paytaxtı, XI əsrdə Səlcuq, XII-XIII əsrlərdə isə Atabəylər imperiyasının baş iqamətgahlarından olmuşdur. Bu dövrdə Gəncə öz inkişafının intibah dövrünü yaşamış, elm, mədəniyyət, ticarət, sənətkarlıq ən yüksək zirvəyə çatmışdır.

Görkəmli Nizamişünas və şərqşünas alim Bertelsin apardığı elmi-tədqiqatların nəticəsində 1139-cu ildə Gəncədə baş vermiş dəhşətli zəlzələdə beşyüz min əhalinin məhv olması sübut olunmuşdur. Bu fakt isə şəhərin qüdrət və əzəmətini bir daha təsbit etməkdədir. Müqayisə üçün onu da qeyd etmək yerinə düşər ki, XIII əsrin ortalarında ən böyük Avropa şəhəri olan Parisdə 100 minə yaxın , Londonda isə 40-50 minə yaxın əhali yaşayırdı.
Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dahi mütəfəkkir və söz ustalarını dünyaya bəxş etmiş Gəncə şəhəri XII-XIII əsr¬lərdə yüksək statusunu bərpa edərək bütöv Şərqin elm, mədəniyyət və dövlətçilik ənənələrini yaşadan möhtəşəm şəhərlərdən birinə çevrilmişdir.


Şeyx Nizami də həm ibtidai və orta, həm də elmi təhsilini öz sevimli şəhəri olan Gəncədə almışdır. Bağdada və başqa elm mərkəzlərinə getməməsinin əsas iki səbəbi olmuşdur. Öz doğma şəhərini sevməyi, el-obasının vurğunu, məftunu olmağı, həm də Gəncənin yüksək elmi potensiala malik olduğu üçün dahi mütəfəkkir vətənini tərk etməmiş və heç vaxt da bu fikrə düşməmişdir. Başqa sözlə, əgər şair öz dogma şəhərindən ayrılmaq qüdrətinə malik olsaydı, o, xilafətin mərkəzi Bağdada köçüb, öz misilsiz sənəti ilə böyük xəzinələrə yol tapardı. Bu səbəbdən «Xəmsə»dən əlavə, şairin 20 min beytlik «Divan»ını da görən orta əsrin görkəmli təzkirəçilərindən olmuş Dövlətşah Səmərqəndi «Şeyx Nizaminin doğulduğu şərəfli yer Gəncədir» deyə bəyan etmişdir.

Yaddan çıxarmaq olmaz ki, Nizami kimi dühalar zəminsiz yarana bilməzdi. Onların meydana gəlməsi üçün qədim ənənələrə malik olan tarixi, ictimai-iqtisadi, mədəni mühit lazım idi. Belə bir mühitin Gəncədə mövcudluğu isə şəhərin bir daha üç min illik tarixini təsbit edir. Çünki hər hansı bir şəhərin elm və mədəniyyət mərkəzinə çevrilməsi üçün qədim ənənə və uzun müddət tələb olunmaqdadır.

Gəncə XV əsr boyu Qaraqoyunlu və Ağqoyunlu dövlətinin tərkibinə daxil edilmiş və müxtəlif hakimlər tərəfindən idarə olunmuşdur. Uzun Həsən Ağqoyunlunun hakimiyyəti dövründə Gəncənin başqa şəhərlərlə ticarət əlaqələri genişlənmiş və bu da əvvəllər coşğun tərəqqi edən, sonradan isə müəyyən tənəzzülə uğrayan Gəncənin yenidən inkişafına səbəb olmuşdur.
Tədqiqatçı alim M.X.Heydərovun fikrincə, bu əsrdə Azərbaycanın böyük ticarət-sənətkarlıq mərkəzlərindən biri də Təbriz, Marağa, Ərdəbil və Xoy ilə yanaşı Gəncə olmuşdur. Gəncədə “Əxilik” ideologiyasına əsaslanan sənətkarlıq təşkilatları yaranmağa başlamış və ən mühüm peşə sənətkarlıq təşkilatı forması-əsnaf birlikləri fəaliyyət göstərmişlər.

Səfəvilərin hakimiyyəti illərində də Gəncə Azərbaycanın və ümumilikdə bütöv Şərqin əhəmiyyətli şəhərlərindən biri olmuşdur.Gəncə-Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən birini təşkil etmişdir.
Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, vilayət-nəzərdə tutulur) İrəvan və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nayihəsi ilə həmsərhəd olan Lori qəzasına qədər uzanmışdır.
XVIII əsrin əvvəllərində Gəncə şəhəri Azərbaycanın ən iri və mühüm şəhər statusunu qoruyub saxlamışdır. XVII əsrin sonlarında – XVIII əsrin əvvəllərində Azərbaycana səfər etmiş bir sıra səyyahlar Gəncənin böyüklüyü və gözəlliyi haqqında geniş məlumatlar vermişlər.

Hollandiya səyyahı Korneli de Bruyun Gəncə haqqında yazırdı: «Gəncə şəhəri Şamaxıdan 50 lye məsafədədir, dörd dəfə Şamaxıdan böyükdür, onda daş binalar çoxdur, əksəri iki mərtəbəlidir, qəşəng bazarları və böyük karvansaraları, valinin böyük və geniş sarayı var. Şəhər ərazisindən gözəl çay axır, orada çoxlu bağlar, yaxşı şərab və bol meyvə var. Belə ki, şəhər Şərqin ən əhəmiyyətli şəhərlərindən biri sayıla bilər. Bu məlumatları mənə həmin şəhərdə yaşayan fransız missioneri və bir neçə gürcü vermişdir».
Lakin XVIII əsrin birinci yarısında Azərbaycanda baş verən siyasi çaxnaşmalar və xarici hərbi müdaxilə bir çox Azərbaycan şəhərləri kimi Gəncənin də xeyli zərər çəkməsinə və hətta tamamilə dağıdılaraq xarabazarlığa çevrilməsinə səbəb oldu. Bu vəziyyət uzun zaman davam etmədi. 1747-ci ildə Nadir şah saray əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən sonra, onun qurduğu imperiya dağıldı. Azərbaycan ərazisində çoxlu xırda dövlət qurumları – xanlıqlar yarandı. Belə xanlıqlardan biri də Gəncə şəhəri ətrafında təşəkkül tapan Gəncə xanlığı oldu.

Gəncənin başı üzərində yeni təhlükə Rusiyanın Cənubi Qafqazdakı siyasətinin fəallaşması ilə bağlı oldu. Osmanlı Türkiyəsinə və onun yaxın müttəfiqi Krım xanlığına qarşı uğurlu hərbi əməliyyatdan sonra öz uğurlarını genişləndirmək məqsədi ilə çar Rusiyası hökuməti tərəfindən Cənubi Qafqazı işğal etmək üçün bütöv fəaliyyət planı hazırlandı.
Tarix boyu olduğu kimi, yenə də Azərbaycanın çar Rusiyası hökuməti tərəfindən işğalçılıq siyasətinə qarşı Cavad xanın simasında qəhrəman gəncəlilər çıxdılar.
Cavad xanın müasirlərindən biri S.S.Kovalenski 1800-cü ildə Gürcüstan haqqında qeydlərində onun haqqında belə rəy vermişdir: «Cavad xan əlli yaşında, Qacar nəslindən olan ağıllı və öz siyasəti, həmçinin gözəl danışığı ilə şöhrət tapmış insandır».
1803-cü ilin noyabrında rus qoşunları Gəncəyə hücuma başladılar. Hücumun ilk həftələrində şəhər müdafiəçilərinin güclü müqaviməti rusları manevrlər etməyə, fəal yürüşləri uzunmüddətli mühasirə ilə əvəz etməyə vadar etdi. Rus qoşunları şəhəri mühasirədə saxlayaraq suyun və qidanın qarşısını kəsib əhalini təslim olmağa məcbur etdilər. Bu səbəbdən Sisianov şəhəri susuzluq və qidasızlıqdan epidemiyanın yayılmasına qədər mühasirədə saxladı. Bütün çətinliklərə rəğmən gəncəlilər dövlətçilik və müstəqillik dəyərlərini hər bir şeydən üstün tutaraq düşmənə təslim olmadılar.
Son nəticədə rus qoşunlarının canlı qüvvədə və hərbi təchizatda üstün olmaları hərbi əməliyyatların taleyini onların xeyrinə həll etdi. Gəncənin alınması istər müdafiəçilər arasında, istərsə də əhali arasında kütləvi itkilərə gətirib çıxardı. 1804-cü il yanvarın 8-də Sisianovun verdiyi məlumata əsasən, müdafiəçilər arasında “1500 insan həlak olmuş, 17224 kişi və qadın əsir alınmışdır.
1804-cü il martın 8-də çara ünvanladığı məktubda Sisianov Gəncənin adının dəyişdirilməsini xahiş edir: “Əgər zati-aliləri mənim təklifimi dəyərləndirsə, imperiatriçə həzrətləri Yelizaveta Alekseyevnanın müqəddəs adı ilə şəhərin adını bəzəmək istərdim: Yelizavetpol”. İmperatorun razılığını alan Sisianov hətta belə bir sərəncam imzalayır: “Çar reskriptinin elan olunmasından 1 ay sonra, yaxud aprelin 1-dən, kimsə xahişnamələrdə və ya aktlarda Gəncənin Yelizavetpol deyil, köhnə adı ilə qeyd etsə o, bir rubl dəyərində cərimə olunacaqdır”.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Cavad Xan xalqımızın igidlik, cəsurluq və vətənpərvərlik rəmzinə çevrildi.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev demişdir: «Bilirəm ki, gəncəlilər Cavad xanın xatirəsini əziz tuturlar. Həqiqətən də o, Azərbaycan xalqının görkəmli oğullarından biridir, dəyanət və igidlik nümunəsidir. Onun şəhərin mərkəzindəki qəbri bu adamın xatirəsinə uyğun deyildir. Düşünürəm ki, məqbərə ucaltmaq lazımdır. Şəhər yeni arxitektura forması alar və Cavad xanın xatirəsi də ona layiq şəkildə əbədiləşər».
Məhz ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə Cavad xana Gəncə şəhərində layiqli məqbərə ucaldıldı. Gəncə xanlığının tarixi emblemi bərpa edildi, açıq səmada etnoqrafik muzey olan Cavad xan küçəsi yaradıldı.
XIX əsrin sonlarında kapitalist münasibətlərinin meydana gəlməsi ilə əlaqədar olaraq, onun əsas sinifləri-burjuaziya və proletariatın təşəkkülü prosesinin getdiyi Azərbaycan şəhərlərindən biri də Gəncə oldu. Şəhər iqtisadiyyatının bir sıra sahələrindəki kapitalist münasibətlərinin inkişafı, onun ümumrusiya bazarına cəlb olunması bu prosesi sürətləndirirdi.
1905-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulmasında müstəsna xidmətlər göstərmiş “Sosial-federalistlərin türk inqilabı komitəsi” və xalqımızı erməni terrorizmindən müdafiə etmək məqsədi ilə təsis edilmiş “Difai” partiyasının Gəncədə yaranması gəncəlilərin dövlətçilik və müstəqillik ənənələri uğrunda varlıqlarından belə keçmələrini bir daha göstərdi.
Gəncədə formalaşmış milli burjuaziyanın vətənpərvər nümayəndələrinin sayəsində Nuru Paşanın rəhbərliyi altında yaradılmış Qafqaz İslam Ordusu bütöv Azərbaycanı erməni və bolşevik birləşmələrinin həyata keçirtdikləri amansız soyqırımdan xilas etmiş oldu və ölkəmizin gələcək həyatına stimul yaratdı. Bu səbəbdən də, 1918-ci il ma¬yın 28-də özü¬nün müs¬tə¬qil¬liyini elan edən Azər-baycan Demok¬ratik Cüm¬¬huriyyətinin paytaxtı Gəncə oldu. İlk milli döv¬lə¬ti¬mizə başçılığı da Gəncənin əsilzadə soylarına mənsub olan görkəmli ictimai və dövlət xadimləri etmişdirlər.

1920-ci il aprel ayının 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti XI Ordunun qanlı əməllərinə söykənən bolşeviklər tərəfindən devrildikdən sonra ilk dəfə sovetlərə qarşı dövlətçilik, müstəqillik və azadlıq səsini ucaldan yenə də Gəncə oldu. İşğalçı ordunun özbaşınalığı, günahsız insanların güllələnməsi vətənpərvər gəncəliləri riqqətə gətirdiyindən yadellilərə qarşı tariximizin şanlı səhifəsini təşkil edən Gəncə üsyanı baş verdi.
Dahi Üzeyir Bəyin qardaşı Ceyhun Hacıbəyli Gəncə üsyanı haqqında olduqca dolğun və dəqiq fikir söyləmişdir: “Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi, etibar qazandığı bir dastandır. Gəncədə may ayında türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib götürdü. Beləliklə, Gəncə öz tarixinin sovet dönəmini üsyanla başlamış oldu”.
1918-ci il 30 iyul tarixli qərarla Yelizavetpol Quberniyası adlandırılan Gəncənin adı özünə qaytarılsa da, 1935-ci ildə Moskvanın göstərişi ilə Gəncə şəhərinin adı yenidən dəyişdirilərək Kirovabad adlandırıldı. Beləliklə, Gəncə şəhərinə Azərbaycanda müstəmləkə rejiminin qurulması, torpaqlarımızda ermənilər üçün Muxtar Vilayət yaradılması istiqamətində müstəsna rol oynamış S.M.Kirovun adı verildi.
1969-cu ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Gəncənin tarixi simasının yenidən özünə qaytarılması istiqamətində mühüm işlər görülməyə başlandı. İlk öncə bərbad vəziyyətə düşmüş şəhərin tarixi abidələri (xüsusi ilə məscidlər) bərpa edildi. Lakin bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevi narahat edən əsas məsələ şəhərin tarixi adının özünə qaytarılması idi. O dövrdə rus kommunistlərinin sevimlisi olan S.M.Kirovun adı verilmiş bu qədim şəhərin əvvəlki adını özünə qaytarmaq o qədər də asan iş deyildi. Bu çətinliklərə baxmayaraq, ciddi addımlardan biri 1980-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən atıldı. Belə ki, həmin dövr Kirovabad şəhərində iki yeni rayon yaradıldı və onlardan birinə Gəncə adı verildi. Həmçinin, orada salınan təzə yaşayış massivi də “Yeni Gəncə” adlandırıldı.

1969-1982-ci illərdə Ümummilli Liderimiz Heydər Əliyev 7 dəfə Gəncə şəhərinə gəlmiş, sənaye müəssisələri, mədəniyyət obyektləri ilə tanış olmuş, mədəniyyət xadimləri, yazıçı və alimlərlə, şəhər ictimaiyyəti fəalları ilə görüşmüşdür.
Həmin illərdə “Nizami Poeziya Teatrı”, “Rəssamların Sərgi Salonu”, “Uşaq Rəsm Qalereyası”, “Uşaq İdman Oyunları Kompleksi”, «Şərəfxanlı el nəğmələri teatrı», «Əbülfəz Naxçıvani», «Xəzinə», «Nizami Gəncəvi-Puşkin» kitabxanaları, “Gəncə Dövlət Filarmoniyası”, “Kamera orkestri”, «Nizami Gəncəvinin ev muzeyi» kimi möhtəşəm mədəniyyət obyektləri yaradılmışdır. Ümumiyyətlə, 1969-1982-ci illərdə Gəncədə yaradılan belə obyektlərin sayı 40-dan artıq olmuşdur.
Sovet İmperiyasının süqutundan sonra Azərbaycan adlı Vətənimiz ağır və çətin tale sınaqlarına çəkildi, ölkədə iqtisadi, sosial və siyasi gərginlik dövlət müstəqilliyinin itirilməsi qorxusu yaratdı. Belə bir ağır vəziyyətdə Ümummilli Liderimiz Heydər Əliyevin nadir idarəetmə qabiliyyəti və incə siyasi duyumu sayəsində Qərb regionunda alovlanan vətəndaş müharibəsinin qarşısı alındı və Azərbaycan öz dövlət müstəqilliyini qorumaqla yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ümummilli Lider Heydər Əliyevin Gəncənin inkişafı və dirçəlişi üçün hazırladığı tədbirlər planı onun siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev Cənabları Prezident kimi fəaliyyətə başladığı müddət ərzində rəsmi olaraq yüksək önəm verdiyi Gəncə şəhərinə 12 dəfə səfər etmiş və şəhərin sosial, iqtisadi, mədəni cəhətdən inkişafı naminə əməli tədbirlər həyata keçirməkdədir. Məhz bu tədbirlərin sayəsində əsaslı yüksəlişə səbəb olan bir sıra taleyüklü problemlərin həll olunması öz müsbət nəticəsini tapmışdır.
 

Keçidlər