Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Dövlət Universitetində Nuru Paşa adına Kitabxananın açılışı olub

25 dekabr 2018 | 16:00

Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında TİKA-nın dəstəyi ilə qurulmuş Nuru Paşa adına kitabxananın açılışı olub.

Açılış mərasimində Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Gəncə şəhərindəki Baş Konsul Zeki Öztürk, TİKA-nın təmsilçiləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

İştirakçılar Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun dəstəyi ilə osmanlı arxivlərində saxlanılan və Qafqazla əlaqəli olan sənədlərin sərgisi ilə tanış olublar. Məlumat verilib ki, sərgidə XVI-XIX əsrləri əhatə edən sənədlərdə bölgə ilə bağlı bir sıra tarixi məlumatlar öz əksini tapıb.

Səfir həmçinin universitetin 80 illik həyatını əks etdirən muzeylə və Əlil Tələbələr üçün Mərkəzin fəaliyyəti ilə tanış olub.

GDU-da təhsil alan türkiyəli tələbələrlə görüşən səfir gənclərin təhsili ilə maraqlanıb, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Sonra Nuru Paşa adına kitabxananın açılışı olub. Bütün zəruri inventar və avadanlıqlarla təmin olunan kitabxanada Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb. Burada kompüterlər qurulub, əraziyə sürətli, genişzolaqlı internet xətti çəkilib. Oxu zalından və ayrı-ayrı şöbələrdən ibarət kitabxana universitetin müəllim və tələbələrinə xidmət göstərəcək.

Ümumilikdə 360 kvadratmetr sahəsi olan kitabxananın 30 minlik kitab fondu var. Həmin kitabların 20 mini TİKA tərəfindən universitetə hədiyyə edilib. Gələcəkdə kitab fondunun daha da artırılması nəzərdə tutulub. Müasir kitab və dərs vəsaitləri ilə təmin olunan kitabxanada tələbələrə həm də elektron kitabxana xidmətlərindən istifadə üçün şərait yaradılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyev tərəfindən təhsilin inkişafına böyük diqqət yetirildiyini deyib və yeni kitabxanaının açılışı münasibətilə kollektivi təbrik edib.

Tədbirdə çıxış edən Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri iki öndər – Mustafa Kamal Atatürk və Heydər Əliyevin müdrik kəlamları ilə ifadə edib. Ümimmilli lider Heydər Əliyevin “biz iki dövlət, bir millətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını xatırladan səfir deyib ki, Türkiyə Respublikası Azərbaycanın hər keçən gün daha da inkişaf etməsindən böyük bir qürur duyur.

Vurğulanıb ki, Gəncə Dövlət Universitetində yeni istifadəyə verilən kitabxana Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adını əbədiləşdirməklə yanaşı, tələbələrin daha savadlı, bilikli gənclər kimi formalaşmasına xidmət göstərəcək.

Sonda açılış mərasimin iştirakçıları kitabxanada yaradılan şəraitlə tanış olublar.

 

Keçidlər