Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

TOVUZ DÖYÜŞLƏRİ ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZKAR SİYASƏTİNİN DAVAMI KİMİ

16 iyul 2020 | 16:00

 

Prof.Azad Mustafa oğlu Bayramov

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə şəhəri

Məlum olduğu kimi son günlərdə Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində Ermənistanla dövlət sərhədddində erməni təcavüzkarlarının növbəti təxribatı nəticəsində ağır döyüşlər gedir. Tovuz rayonuna Ermənistanın hücumu əslində yeni növ koronavirus pandemiyasının yaşandığı bir dövrdə daxili siyasəti dəyişdirmək üçün düşünülmüş təxribatdır.  Ermənistan koronavirus pandemiyası ilə əlaqədar həm Rusiyadan, həm də Qərbdən gözlədiyi tibbi yardımı ala bilmədiyi üçün Azərbaycana hücum etməklə bir tərəfdən ölkə daxilində narazılığı aradan qaldırmaq, digər tərəfdən də bu təxribatını maddi dəstəyə çevirmək məqsədini güdür:  Ermənistanın iqtisadiyyatı olduqca pis vəziyyətdədir. Ermənistan Dağlıq Qarabağ böhranında da xüsusilə ABŞ və Rusiyadakı lobbiçiləri tərəfindən maliyyə yardımı ilə ayaq üstə dayana bilirdi. Hazırda bu yardımlar kəsilib. Digər tərəfdən, Rusiyanın Ermənistana yatırımları son zamanlar azalıb. Rusiya həm təbii qaz, həm də elektrik enerjisinin qiymətlərində endirim etmir. Ermənistan Azərbaycanla aralarında problemi dərinləşdirməklə Rusiyanın diqqətini çəkməyə, Azərbaycan və Türkiyə üzərindən Rusiyaya təsir etməyə çalışır. Lakin Ermənistanın bu addımı Rusiya-Türkiyə əməkdaşlığına zərər verdiyi üçün Rusiya bunun əleyhinədir.           

Azərbaycan Dağlıq Qarabağ məsələsində kifayət qədər səbir edib, lakin indiki şəraitdə diplomatik vasitələr artıq öz torpaqlarını xilas etmək üçün kifayət etmirsə, hərbi vasitə ilə bu torpaqların geri alınmasının vaxtı çatıb. Rusiya və ya digər vasitəçi dövlətlər Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərini qaytarmağı təmin edə bilmirlərsə, Azərbaycan ordusu bütün dünyaya bəyan edərək hərb yolunu tətbiq etməlidir. 

BMT və ATƏT-in Minsk Qrupunun Ermənistanın Azərbaycana təcavüzünə yumşaq mövqeyi də qəbuledilməzdi. Ermənistan illərdir ki, etdiyi qanunsuz hərəkətlərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyəti öz xeyrinə fəallaşdırmaq cəhdindədir, Azərbaycanı işğal etməsinə “qanuni” don geyindirməkdədir. Bu beynəlxalq təşkilatlar Dağlıq Qarabağdakı qanunsuz seçkilərin keçirilməsinə, işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin məskunlaşmasına laqeyd qalaraq, səs çıxarmırlar. ATƏT-in Minsk Qrupu həmsədrlərinin “Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil” bəyanatı  Ermənistanı cəsarətləndirdi. Eyni zamanda Ermənistanın Dağlıq Qarabağı üçüncü dövlət olaraq tanıtmaq və bu münaqişədə danışıqlar masasına üçüncü dövlət kimi oturtmaq cəhdləri var. Bütün bunlara baxmayaraq, Ermənistan çirkin məqsədinə çatmayacaq. Birləşmiş Millətlər Təşkilatının qərarlarında qeyd olunduğu kimi, Ermənistan Azərbaycan torpaqlarının qanunsuz və ədalətsiz işğalına son qoymalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.                                                

Ermənistan hakimiyyəti Ermənistan-Azərbaycan dövlət sərhədininin Tovuz rayonu istiqamətində təxribata əl atması qeyd etdiyimiz kimi Ermənistnın baş naziri Nikol Paşinyanın verdiyi sözləri yerinə yetirə bilməməsi və insanların diqqətini ölkə xaricinə yönəltməyə çalışması ilə əlaqədardır. Ermənistan tərəfinin son günlər bu cür təxribatlara əl atmasının əsas səbəbi Ermənistan iqtisadiyyatının dərin tənəzzül içərisində olmasıdır. Heç bir siyasi savadı olmayan Paşinyanın vəd etdiyi “möcüzə”-nin uğursuz olduğu çoxdan hamıya məlum olub. Bu başadüşüləndir - Ermənistan iqtisadiyyatı dərin böhran içindədir. Sirr deyil ki, əsl Ermənistan iqtisadiyyatı Ermənistanın hüdudlarından kənarda - Rusiyada mövcuddur. Ermənistanın isə yalnız qalıqları qalır. Belə vəziyyətdə Ermənistan rəhbərliyinə diqqəti ölkənin həqiqi problemlərindən xarici siyasi böhrana yönəltmək qalır. Bu zaman isə Paşinyanın yeganə çıxış yolu Azərbaycanla münasibətlərin gərginləşdirilməsidir. Beləliklə, bu davranışları ilə münaqişəni həqiqi mənada həll edəcəyinə ümid bəslənilən adam nəhayət özünün “mütərəqqi” imicini də ləkələdi.

Ermənistanın bu təxribatlarla Ermənistan-Azərbaycan münaqişəsinə üçüncü ölkələri cəlb etməyə çalışması yeni hadisə deyil. Bu, SSRİ-nin dağılmasından az əvvəl də müşahidə edilib, lakin indi erməni diasporasının özü də yarımçıq Ermənistan dövlətinə yardım etməkdən yorulub. Bunun bir təxribat olduğunu, belə desək, çılpaq gözlə də görmək olar. Təxribatın əsas səbəbi yuxarıda vurğulanan iqtisadi məqamlardır. Bu münaqişəyə üçüncü ölkələri cəlb etmək cəhdinə gəlincə isə bu yeni deyil. Ermənistan bu müharibənin ilk günlərindən bunu etməyə çalışır. Əvvəlcə bu işi bacardı - Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi Ermənistanla eyni tərəfdə dayandı. Sovet İttifaqının dağılmasından sonra isə erməni diasporu bu və ya digər ölkəni münaqişəyə cəlb etməyə çalışdı. Baxmayaraq ki, son illərdə erməni diasporasının özündə də yarımçıq bir dövlət olan Ermənistana yardım cəhdlərində açıq-aydın müəyyən “yorğunluq”  müşahidə olunur.

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədini keçməyə çalışması ilə bağlı bəyanatına heç Ermənistanın öz müttəfiqləri də inanmır, çünki münaqişənin başladığı ötən əsrin 80-ci illərdən Azərbaycan silahlı qüvvələrinin bölmələri bir dəfə də olsun belə bir davranışa yol verməyib. Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycan ordusunun Ermənistanın dövlət sərhədini pozmağa çalışması ilə bağlı bəyanatı, çox güman ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını  (KTMT) münaqişəyə cəlb etməyə çalışmaq məqsədi daşıyır. KTMT-nin bu sahədəki razılaşması təşkilat üzvlərindən birinin suveren sərhədləri pozulduğu təqdirdə təsirli olur, amma heç bir KTMT üzvü Dağlıq Qarabağı Ermənistanın suveren ərazisi kimi tanımır. Hamıya məlumdur ki, ötən əsrin 80-ci illərin sonlarından başlayan müharibə Azərbaycanın suveren ərazisində aparılır. Bu müddət ərzində heç bir Azərbaycan hərbi birləşməsi Ermənistan sərhədini keçməyib. Ona görə də  heç kim, o cümlədən Ermənistanın müttəfiqləri belə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələrinin Ermənistan sərhədini keçməyə çalışmasına inanmayacaq. Beləliklə, KTMT-nin bu gərginliyin azaldılmasında hər hansı bir şəkildə iştirak etməsi ehtimalı azdır. Xüsusilə də nəzərə almaq lazımdır ki, bu birliyin heç bir üzvü, o cümlədən də Ermənistan Azərbaycanla münasibətləri korlayaraq heç bir fayda əldə etmiş olmayacaq.

  Ermənistanın heç bir liderliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olmayıb. Münaqişənin həlli üçün ilk növbədə erməni xalqı Azərbaycanla əlaqələrin korlanmasının onların özlərinin əleyhinə olmasını dərk etməlidir. Faktiki olaraq Ermənistanda hakimiyyətdə olmuş heç bir lider bu məsələyə həqiqətən də ədalətli həll yolu axtarmayıb. Üstəlik, Paşinyanın belə bir arzusu ola bilməz, bu, mümkün deyil. Əminliklə deyə bilərik ki, Paşinyanın hakimiyyətdə olmasının səbəbi onu dəstəkləyən kütlədir və bu dəstək məsələyə ənənəvi erməni yanaşmasından kənara çıxdığı təqdirdə aradan qalxacaq, onu dəstəkləməkdən imtina edəcəklər. Erməni xalqı özü belə bir siyasətin zərərli olduğunu dərk edənədək heç bir Ermənistan liderindən bu istiqamətdə hər hansı bir irəliləyiş gözlənilməməlidir. Bu cür bəzi əlamətlər hiss edilirdi, lakin Paşinyanın populist davranışları nəticəsində tamamilə məhv edildi.

Bu gün öz ərazi bötövlüyünü bərpa etməyə qadir olan güclü Azərbaycan dövləti və onun dünya çapında böyük nüfuza malik olan prezidenti var. Azərbaycan ordusu öz gücünü 2016-cı ilin aprel ayında tarixə “aprel döyüşləri” kimi düşən dörd günlük müharibədə  təkcə ermənistana yox onun havadarlarına göstərmiş oldu. Hal hazırda davam edən döyüşlər də Azərbaycanın üstünlüyü şəraitində gedir.

Cənab Prezident Silahlı qüvvələrin Ali baş komandanı İlham Əliyevin dediyi kimi Azərbaycan dövləti öz ərazilərində ikinci ermənistan dövlətinin yaradılmasına imkan verməyəcək və öz ərazi bütövlüyünü hansı yolla olursa olsun bərpa edəcəkdir.                                          

Keçidlər