Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İlham Əliyev: “Baxmayaraq ki, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır”

10 iyul 2020 | 16:00

“Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır”, - bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2020-ci ildə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışından sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibə zamanı səsləndirib.

Dövlət başçısı dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirərək bildirib ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox önəmli addımlar atıb: Bildiyiniz kimi, dünyada koronavirus xəstəliyi daha geniş vüsət alır. Bizim kimi, bəzi ölkələr yumşalma tədbirlərindən sonra gördülər ki, xəstəliyin yayılma tempi geniş vüsət alıbdır. Ona görə indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu, düzgün qərardır. Çünki bu gün bu xəstəliyin tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan halda yoluxanların sayı bundan sonra da arta bilər. Bizə gəldikdə, bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.

Hazırda COVİD-19 xəstələri ölkənin 45 xəstəxanasında müalicə alırlar. Bu xəstəxanaların 36-sı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə inşa edilib ki, onların da əksəriyyəti bölgələrdə yerləşir. Bununla yanaşı ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri isə Abşeron rayonunda olmaqla ümumilikdə modul tipli 5 xəstəxana da fəaliyyətdə başlayıb.

“Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev onu da bildirib ki, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq: “Bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350.

Sözsüz ki, ölkədə yeni növ koronavirus infeksiyasının yayılmağa başladığı ilk gündən dövlət tərəfindən bütün lazımi addımlar atılıb və atılır. Görülən qabaqlayıcı tədbirlərin, alınan qərarların nəticə verməsi isə vətəndaşların məsuliyyətindən bir başa asılıdır. Ölkə rəhbəri qeyd edib ki, əstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir.

“Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”, - deyə İlham Əliyev qeyd edib.

Ölkəmizin başçısı Ümümdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa da toxunub: Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasda idik. Çünki bu təşkilat dünya miqyasında bu işlərə cavabdehlik daşıyan birinci təşkilatdır. Onların mütəxəssislərini dəvət etdik. Onlar da ezam olundu, gəldilər, bəzi məsləhətlər verdilər və o məsləhətlər əsasında öz addımlarımızın bir hissəsini atdıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir, həm birinci mərhələdə, ondan sonrakı mərhələdə və bu gün. Bu gün də biz sıx əlaqədəyik və hesab edirəm ki, bu təşkilatla hər bir ölkə çox sıx əməkdaşlıq etməlidir. Çünki biz yalnız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik. Ona görə biz bu təşkilatı beynəlxalq arenada da dəstəkləyirik, bildiyiniz kimi, ona maliyyə yardımı da etmişik. Bu gün təşkilatın nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Biz bu fəaliyyətə görə minnətdarıq. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşlərində də iştirak edib. Hesab edirəm ki, pandemiyadan sonra da biz bu təşkilatla əməkdaşlığımızı uğurla davam etdirəcəyik.

 

Keçidlər