Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Gəncədəki vəziyyət

18 may 2020 | 16:00

Bu gündən etibarən Gəncə sakinləri yaşayış yerini SMS icazə almadan, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən, xidməti vəsiqə və ya iş yeri barədə arayış təqdim etmədən tərk edə bilərlər. Bununla yanaşı bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub. Eyni zamanda muzey və sərgi zalları da qapılarını ziyarətçilərin üzünə açıblar.

Gəncənin bir sıra ərazilərində olub, xüsusi karantin rejimi yumşaldıqdan sonra şəhərdəki vəziyyəti izləmişik.

Fəaliyyətini bərpa edən restoran, kafe və çay evlərində hələki müştəri sıxlığı müşahidə olunmur. Bununla belə xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edərək, qeyd olunan məkanlara üz tutanlar az deyil.

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağanın götürülməsindən faydalanaraq, parklarda istirahət edənlərə də rast gəlinib.

Müzey və sərgi salonlarında isə hələlik sakitlik höküm sürür.

İaşə obyektlərində xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilir. Müştərilərin restoran, kafe və çay evlərinə daxil olarkən dezinfeksiyaedici məhlullardan istifadə etmələrinə nəzarət olunur. Personal tibbi maska və əlcəkdə xidmət göstərir.

Bank və ATM-lərin qarşısında dayanan sakinlər arasında sosial məsafənin qorunmasına isə DİN əməkdaşları nəzarət edirlər.

Bulvar, park və xiyabanlarda, o cümlədən küçə və prospektlərdə aparılan dezinfeksiya işləri qrafikə uyğun olaraq davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan 32 mobil qrup da öz fəaliyyətini davam etdirir. Mobil qrupların üzvləri sakinlər arasında profilaktik söhbətlər aparır, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırırlar.

Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.  

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Keçidlər