Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gülüstan qəsəbəsi və “Xan bağı”nda aparılan abadlıq işləri ilə tanış olub

09 sentyabr 2019 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərinə baş çəkib. O, həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.

Niyazi Bayramov şəhərin Gülüstan qəsəbəsində olub.

Gəncənin əksər ərazilərində olduğu kimi, burada da abadlıq-quruculuq işləri həyata keçirilir. İşlərin gedişatı ilə maraqlanan şəhər rəhbərinə məlumat verilib ki, hazırda Gülüstan qəsəbəsinin ərazisində olan 12 nömrəli məktəbin yolu, Əziz Əliyev parkının ətrafı, Nəriman Nərimanov prospekti və bir sıra başqa küçələr asfaltlanır. Piyadaların rahat gediş-gəlişini təmin etmək üçün səkilər səligəyə salınır. Asfaltlanan küçələrdə gecə işıqlanması sistemi yenidən qurulur.

Aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verən Niyazi Bayramov sakinlərlə də söhbət edib, onların fikirlərini öyrənib. Sakinlər qəsəbədə aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və şəhər rəhbərliyinə öz minətdarlıqlarını bildiriblər. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Xan bağı” mədəniyyət və istirahət parkına da baş çəkib.

“Xan bağı”nda olan ağacların qurumuş budaqları kəsilib, ərazidə təmizlik işləri aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi park ərazisində birgə monitorinq keçirib. Bunun nəticəsi olaraq 70-ə yaxın ağacın budanmasına və 7 ədəd müxtəlif növ  çoxillik, tamamilə qurumuş ağacın kəsilməsinə qərar verilib. Vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilən tədbirlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin çox sayda canlı qüvvəsi və texnikası cəlb olunub. İki gün davam edən profilaktik tədbirlər nəticəsində kəsilərək zərərsizləşdirilən ağacların yerinə  Gəncənin simvolu hesab olunan Xan çinarlar əkiləcək.

Şəhər rəhbəri buradakı vəziyyətlə tanış olub, müvafiq göstərişlər verib. O, “Xan bağı”ndakı ağac və gül kollarının mütəmadi şəkildə suvarılması, burada gündəlik olaraq təmizlik işlərinin aparılması, ərazidə yeni zibil qutuları, habelə oturacaqların quraşdırılması istiqamətində göstərişlər verib.

Keçidlər