Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İstiqlaliyyətinin 101 yaşı mübarək, Azərbaycan!

28 may 2019 | 16:00

 

İş masası. Masanın üzərində neft ləmpəsi, papiros və mürəkkəb qabı, polad ucluqlu qələm, sol üst siyirtməsində möhür və  təsbeh… Masada əyləşənin rahatlıqla görə biləcəyi mövqedə kəfkirli saat, saatın solunda isə Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi asılıb. Otağın sahibi divardakı portretindən harasa  uzaqlara boylanır. Fətəli Xan Xoyski.

1918-ci il mayın 28-də Tiflisdə istiqlaliyyətini elan edərək, 16 iyunda Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin Nazirlər Şurasının yerləşdiyi bina indi muzey kimi fəaliyyət göstərir.  6 otaqdan ibarət olan müzeyin 4-də Cümhuriyyət dövrünü əks etdirən eksponatlar nümayiş olunur. Onlardan biri də Xalq Cümhuriyyətinin qurucularından olan, Nazirlər Kabinetinin rəhbəri, Baş nazir Fətəli xan Xoyskinin iş otağıdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 101-ci il dönümündə müzeyə baş çəkib, tariximizin qızıl səhifələrini bir daha vərəqləyiblər.

Qonaqlara məlumat verilib ki, muzeydə həmin dövrdə istifadə olunan pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar nümayiş olunur. AXC qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkillər də diqqət çəkən eksponatlar sırasındadırlar.

Digər iki otaqda isə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin AXC-yə verdiyi qiymət və göstərdiyi münasibətin əyanı sübutları yer alır.

Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi ilə tanışlıqdan sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında olublar. Onlar burada sərgilənən sənəd və fotoşəkillərə baxıblar. AXC tarixinin Gəncə dövründə bu binanın da xüsusi yeri var. Belə ki, 1918-ci ilin iyununda Tiflisdən Gəncəyə köçən AXC hökümətinin ilk iclası məhz burada baş tutub.

Gəncənin Atatürk prospektində qarşı-qarşıya dayanan bu iki bina tarixin səhifələrinə keşik çəkirlər. Onlar Şərqin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətinin yadigarları, 101 il əvvəl yaşanan tarixi hadisələrin ən yaxın şahidləridirlər.

İstiqlaliyyətinin 101 yaşı mübarək, Azərbaycan!

Keçidlər