Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Zəriflik” Beynəlxalq Musiqi Festivalının 2-ci günü də möhtəşəm əsərlər ifa olunub

30 aprel 2018 | 16:00

Nizami yurdunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının 2-ci günündə möhtəşəm əsərlər ifa olunub.

 

Konsertdə bədii rəhbər Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında əsərlər səsləndirilib. Həmçinin Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri də konsertdə iştirak ediblər.

Zəngin repertuarı ilə seçilən konsertin ikinci günündə Azərbaycan bəstəkarlarından Fikrət Əmirovun “Nizaminin xatirəsinə simfoniya” (4 hissədə), Üzeyir Hacıbəylinin “Arazbarı”,  Adil Gərayın “Bağçakürd”, Karl Bomun “Daimi hərəkət” violin üçün duet, İohan Sebastian Baxın 147 saylı Kantatadan “Xoral”, Volfqanq Amadey Motsartın “Divertisment in D” (final), “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Rəqs”, Azər Rzayevin “Düşüncə”, “Qaytağı” əsərləri və  Ernesto de Kurtisin “Məni unutma” kimi əsərlər və Azərbaycan xalq mahnıları səsləndirilib.

Əsərləri Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Respublikasının Xalq Artisti Samir Cəfərov (tenor), İsmayıl Zülfüqarov (tar), Gəncə şəhər Fikrət Əmirov adın 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Məryəm İslamova (qanun), Rəna Sadıxova və Nazənin Kərimova (violin) ifa ediblər.

Bildirək ki, “Zəriflik” Beynəlxalq Musiqi Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında təşkil olunur.

Keçidlər