Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Nizami yurdunda Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib

30 may 2017 | 16:00

"Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017" layihəsi çərçivəsində Nizami yurdunda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib.

Əvvəlcə Gəncə şəhər Məhsəti Gəncəvi Muzeyində Gəncə Musiqi Kollecinin və Gəncə Dövlət Universitetinin tələbələrinin musiqi ifa etdikləri "Gənc istedadlar" adlı konsert proqramı təşkil olunub.

Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslüm Maqamayev kimi dahi bəstəkarlarla yanaşı əcnəbi əsərləri məharətlə ifa edən gənclər layihədə iştirak etməyin onlar üçün olan əhəmiyyətindən danışıb.

Sonra Heydər Əliyev Park-Kompleksində yerləşən amfiteatrda keçirilən konsert proqramında N.P.Osipov adına  Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistan Respublikasının məşhur "Bazmoro" rəqs ansamblı, Belarus Respublikasının Əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının "Kupalinka" folklor qrupu, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, eləcə də "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı, Respublikamızın paytaxtı Bakı şəhərindən gələn tanınmış incəsənət ustaları – Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artistləri Abbas Bağırov, Nərgiz Kərimova, Gülüstan Əliyeva, Təyyar Bayramov, Səbuhi İbayev, İlham Nəzərov və başqaları öz ifaları ilə Nizami yurdu sakinlərini sevindiriblər.

Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən festival iştirakçılarına sertifikatlar təqdim edilib.

Bildirək ki, 2016-cı il sentyabr ayının 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün "Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı" elan edilib.

Keçidlər