Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azadlıq mücahidlərimizin əziz xatirəsi gəncəlilər üçün həmişə əzizdir

20 yanvar 2015 | 16:00

Yanvarın 20-də Gəncənin Şəhidlər xiyabanında böyük izdiham yaşanıb. Minlərlə şəhər sakini azadlıq və müstəqilliyimiz uğrunda canlarından keçən mərd oğul və qızlarımızın xatirəsinə ehtiramlarını göstərmək üçün xiyabana toplaşmışdılar.

20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə keçirilən anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, maşınların səs siqnallarının verilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra  şəhər rəhbərliyi və icra hakimiyyəti strukturlarının nümayəndələri Şəhidlər Memorial Kompleksinin önünə əklil və gül dəstələri qoydular.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu faciə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi ən dəhşətli qətliamdır. Bakının küçə və meydanlarına çıxaraq öz haqq səsini ucaldan xalqa qarşı sovet ordusunun döyüş hissələri amansız divan tutdu. Milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhalinin gülləboran edilməsi, yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Lakin xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları o gecə canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Həyata keçirilən qanlı aksiyaya yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ildə  siyasi-hüquqi qiymət verildi.
Tədbirdə o da qeyd olundu ki, 20 Yanvar şəhidləri ailələrinin və əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması istiqamətində ulu öndərin əsasını qoyduğu dövlət siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra şəhid anası Zemfira Əliyeva, 20 Yanvar faciəsində əlil olmuş Hikmət Əmiraslanov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Almaz Aşurov və başqaları çıxış edərək 20 Yanvar hadisələrinin mahiyyəti, onu yaradan səbəblər, faciənin acı nəticələri barədə danışdılar. Faciəni xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz adlandırdılar. Şəhidlərə, onların ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Çıxış edənlər, həmçinin şəhər icra hakimiyyəti rəhbərliyinin onlara olan çox isti münasibətindən, hər bir sahədə dayaq və dəstək olduğundan söhbət açdılar. İnam və etimad yeri kimi hər zaman müraciət imkanı yaratdığına, problemin həllinə köməklik göstərdiyinə görə məmnunluqlarını ifadə etdilər.
Sonda tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarlarini ziyarət etdilər və qəbirlərin üzərinə tər qərənfillər düzdülər.

Keçidlər