Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər Təhsil İdarəsinin yeni inzibati binası istifadəyə verildi

25 dekabr 2014 | 16:00

Ən müasir standartlara cavab verən binanın açılış mərasimində giriş sözü söyləyən idarənin rəisi Zakir Hüseynov dövlət başçısının diqqət və qayğısı sayəsində Azərbaycan təhsilində qazanılan nailiyyətlərdən danışmışdır. Sonra şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev çıxış edərək yeni binanın istifadəyə verilməsini ölkəmizdə təhsilə və təhsil işçilərinə göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, son 5 ildə Azərbaycanın digər bölgələri kimi, Gəncədə də ümumtəhsil müəssisələrinin yenilənməsi istiqamətində xeyli iş görülmüş, 30-dan artıq məktəb binası yüksək standartlara uyğun yenidən qurulmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir. Məktəblər informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər təhsilin keyfiyyətinə  müsbət təsir göstərmişdir. Bunun da sayəsində 2011-ci illə müqayisədə məzunların ali məktəblərə qəbulu 37 faizdən 55 faizə yüksəlmişdir.

Binanın inşasını yüksək səviyyədə həyata keçirən “Gəncə körpütikinti-2” MMC-nın bir qrup əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim olunduqdan sonra rəmzi lent kəsilmiş, iştirakçılar burada yaradılan şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, binada 190 nəfərlik iclas salonu, müxtəlif tədris təlimləri üçün otaqlar, eləcə də innovativ texnologiyalar üçün avadanlıqlar quraşdırılmışdır.
Açılış mərasimindən sonra şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev təhsil idarəsinin işçiləri, məktəb direktorları və metodiki mərkəzin əməkdaşları ilə işgüzar görüş keçirmişdir.
Görüşdə  qazanılan uğurlarla yanaşı, işdə yol verilən nöqsanlardan danışılmış, onların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.

Keçidlər