Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur

03 oktyabr 2020 | 16:00

İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması dövlətimizin beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır. 30 ilə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həll edilməməsinin, Ermənistanın təcavüzkar siyasətinə son qoyulmamasının əsas səbəblərindən biri vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin tutduğu mövqedir.

Həmsədrlər fəaliyyəti dövründə heç zaman işğalçı Ermənistana təzyiq göstərməyib, əksinə tərəflər arasında bərabərlik yaradıb və ümumiləşmiş bəyanatlar səsləndirib. Azərbaycanın çağırışlarına baxmayaraq, həmsədrlər erməni tərəfinin təxribatlarına, beynəlxalq cinayətlərinə münasibət bildirməyib. Belə bir halda Fransa prezidenti Emmanuel Makronun cəbhədə hərbi əməliyyatlar başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar, bu həmsədr ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.

ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə, tərəflərə yanaşmada balansı nümayişkarcasına poza bilməz, Fransa prezidenti isə bu gün məhz bu yolu tutub. Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, həm də Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Bu gün Makron münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. O, Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır.

Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləmək qəbulolunmazdır. Əgər Azərbaycan Breton, Korsika və Basklar ölkəsindəki separatçıları dəstəkləsəydi, buna Fransanın və onun prezidentinin münasibəti necə olardı? Separatçılara münasibət bütün dünyada eyni cür olmalıdır. Digər tərəfdən, Makron iddia edir ki, guya Suriyadan gətirilən terrorçular Azərbaycan tərəfindən döyüşür. Əvvəla, bu tamamilə dezinformasiyadır. Digər tərəfdən, Fransa Suriya hakimiyyətinə qarşı döyüşənləri demokratik qüvvələr adlandırırdı. İndi isə həmin döyüşçüləri terrorçu hesab edir. Bu ikili standartlardır. Yəni, Fransa bu məsələyə öz maraqlarına uyğun yanaşır. Məhz bu cür ikili standartlar vəziyyəti bu həddə gətirib çıxarıb.

Tarixən Fransa müstəmləkəçi siyasət həyata keçirərək bir sıra qətliamlar, soyqırımlar törədib. Ötən əsrdə Əlcəzair xalqının başına gətirilən faciələri xatırlatmaq yerinə düşər. Bu dövlətin müasir dövrdə Liviyada yürütdüyü siyasət də hər kəsə məlumdur.

E.Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlərlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqına başucalığı gətirmir. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi təəssüf doğurur.

Azərbaycanın Fransa ilə dostluq münasibətləri daim yüksək səviyyədə olub. Ölkəmizdə fransızdilli orta və ali məktəblər fəaliyyət göstərir, Fransa şirkətləri Azərbaycandakı neft müqavilələrinin iştirakçılarıdırlar. Məlumdur ki, Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə Prezident kimi ilk səfərini məhz Fransaya etmişdi, Prezident İlham Əliyev də 2003-cü ildə dövlət başçısı kimi ilk səfərini Fransaya edib. Bundan əlavə, Azərbaycan Fransadakı tarixi abidələrin bərpası və yenidən qurulması prosesində fəal iştirak edib. Bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

Mənbə: Azərtac

Keçidlər